25.02.2025
Qazaxda Xocalı faciəsi qurbanlarının xatirəsi anıldı.
25 fevral 2025-ci il tarixdə Qazax rayon Mədəniyyət Mərkəzində Qazax rayon Mədəniyyət Mərkəzinin, Qazax rayon MKS-nin, Qazax Dövlət Rəsm Qalereyasının və Qazax Dram Teatrının birgə təşkilatçılığı ilə Xocalı faciəsinin 33 –cü ildönümünə həsr edilmiş “Xocalı faciəsi bəşəriyyətə qarşı törədilən ən böyük soyqırımdır” adlı tədbir təşkil edilib.
Tədbir iştirakçıları ilk öncə MKS-nin “Xocalı faciəsini unutma” adlı kitab sərgisinə, Rəsm Qalereyasının dərnək üzvlərinin faciəni əks etdirən əl işlərindən ibarət rəsm sərgisinə baxış keçiriblər. Mədəniyyət Mərkəzinin məktəblilərin ifasında hazırladığı Xocalıya həsr olunmuş şeirlər, həzin musiqilər səsləndirilib.
Mədəniyyət Mərkəzinin böyük zalında davam etdirilən tədbir faciə qurbanlarının və Azərbaycanın ərazi bütövlüyü uğrunda Şəhid olan qəhrəmanlarımızın xairəsini bir dəqiqəlik sükutla yad etməklə başlayıb. Qazax –Tovuz Regional Mədəniyyət İdarəsinin Qazax rayonu üzrə nümayəndəsi Valeh Vəliyev çıxışında ermənilərin uzun illər törətdikləri vəhşiliklərdən və kütləvi qırğınlardan danışıb. Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində vəhşilik olduğunu söyləyib. O, bu Soyqırımın bəşəriyyətə qarşı tarixi cinayət olduğunu bir daha vurğulayıb.
Daha sonra Qazax Dövlət Dram Teatrının aktyorlarının ifasında XX əsrin ən dəhşətli və qanlı faciəsi olan Xocalı soyqırımına həsr olunmuş “Səsim sənsən, Xocalı!” adlı ədəbi- bədii kompozisiya nümayiş olunub.